CompuLab şirkəti ARM arxitekturasına əsaslanan prosessor ilə işləyən Utilite adlı yığcam kompüter təqdim edib.
Konfiqurasiyasından asılı olaraq, sözügedən cihaz 1, 2 və 4 nüvəli Freescale i.MX6 (ARM Cortex-A9) prosessoru ilə təchiz edilə bilər. Qurğuya DDR3 standartlı 4 QB həcmində əməli yaddaş və 512 QB tutumunda sərtgövdəli daşıyıcı quraşdırıla bilər.
Daxili yaddaşın həcmini microSD formatlı yaddaş kartının quraşdırılması hesabına artırmaq olar. Təqdim edilmiş model, həmçinin 2 qiqabitlik Ethernet şəbəkə portu, Wi-Fi 802.11b/g/n və Bluetooth 3.0 simsiz şəbəkə modulları, dörd ədəd USB2.0 portu, bir ədəd USB OTG portu, bir ədəd RS232 portuna malikdir. Aparatın ölçüləri 135x100x21 millimetr təşkil edir. Ubuntu Linux və ya Android əməliyyat sistemləri quraşdırıla bilər.
CompuLab Utilite yığcam kompüteri gələn ay satışa çıxarılacaq. Başlanğıc konfiqurasiyada onun qiyməti 99 dollar təşkil edəcək.